top of page

T A R İ X

1968-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.

Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic”[rejissor Nəsir Sadiqzadə] tragikomediyası ilə sevindirdi.

1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatr Sumqayıt Dövlət Dram teatrı statusu aldı.

Biri-birinin ardınca bu teatra işləməyə gələn xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, əməkdar artistlər Sadıq Həsənzadə və Məmmədcəfər Cəfərov gənc aktyorlara səhnə sirlərini öyrətməklə yanaşı samballı tamaşaların hazırlanmasında da əllərindən gələni əsirgəmədilər. Azərbaycan teatrının korifey aktyorlarından sayilan Rza Əfqanli və Barat Şəkinskayanin iştiraki ilə rejissor Ağakişi Kazımovun hazırladığı Nəcəf bəy Vəzirovun “ Müsibəti Fəxrəddin” tamaşası 70 ci illərin ən monumental tamaşalarından biri sayılır. “Toy” (S.Rəhman), “Maskarad” (M.Lermantov), “Arvadımın əri” və “Elbrus evlənir” (G.Xuqayev), “Tribunal” (A.Makayonak), “Solğun çiçəklər” (C.Cabbarlı), “Skapenin kələkləri” (Molyer) və s. məhz həmin illərin məhsuludur. 70ci illərin əvvəllərində teatrın məhsuldar rejissorlarından sayılan Arif Ağayevin hazırladığı Anarın “ Adamın adamı “, Makayonokun “Tribunal” tamaşaları teatrın tarixində iz buraxmış tamaşalardan sayılır. Eləcə də 1970-74 cu illərdə baş rejissor işləmiş Vaqif Şərifovun quruluş verdiyi N.Hikmətin” Demoklisin qılıncı”, M.Bayciyevin “Duel” tamaşaları teatrın psixoloji janrda qurulmuş sanballı tamaşalarındandır. 1981-ci ildə Moskva şəhərində keçirilən “Ümumittifaq teatr festivalı” nda Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsərinin tamaşası ilə [rej.Mərahim Fərzəlibəyov] çıxış edən Sumqayıt teatrı festivalın II dərəcəli diplomuna, N.Nərimanovun obrazını yaradan xalq artisti Məlik Dadaşov isə I dərəcəli diploma layiq görülmüşdülər.

O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi işləyən cənab Heydər Əliyev bu tamaşaya baxdıqdan sonra səhnəyə qalxaraq teatr kollektivini təbrik etmiş və teatr sənətinin dərin bilicisi olan teatrşünas kimi tamaşa haqqında fikirlərini söyləmişdir. Kollektivinə uğurlar diləyən ulu öndərimiz teatın bütün heyəti ilə birlikdə xatirə şəkili də çəkdirmişdir.

Teatr dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə yazıldığı vaxtdan tamaşası hazırlanmamış “Afət” əsərininin [rej.O.Qurbanov] səhnə versiyasını hazırlayır.Tamaşa teatrin tarixində uğurlu bir iş kimi yadda qalır.

1985-ci ildə V.Səmədoglunun “Bəxt üzüyü” (rej.Y.Əkbərov) komediyası uzunömürlü olmaqla yanaşı, həm də tamaşaçılar tərəfindən sevilərək baxılan tamaşalardan biri olmuşdur. Tamaşada xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Vaqif Əliyev, Məzahir Süleymanov özunəməxsus obrazlar yaratmışlar.

80 ci illərin sonlarında teatrda daha bir necə ugurlu tamaşa ərsəyə gəldi. R.Kiplingin “Oz xoşuna yaşayan pişik” [rej.F. Məhərrəmov] və M.Suleymanlının “Dəyirman “[rej.R.Almuradlı] tamaşalarını misal çəkmək olar. 1992-ci ildə Musiqili Dram teatrı statusu alan Sumqayıt teatrı öz repertuarını milli operetta və musiqili komediya tamaşaları ilə daha da zənginləşdimişdir. Teatrın səhnəsində tamaşaya qoyulan Ü.Hacıbəyovun “Arşın mal alan”[rej.A.Mehdiyev.],S.Ələsgərov və İ.Məlikzadənin “Subaylarınızdan görəsiniz”[rej.F. Məhərrəmov] əsərləri sevilə-sevilə baxılan tamaşalar sırasına daxil olmuşdur.

1995-ci ildə Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” əsərinə müraciət edən kollektiv, 1998-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərinin 50- illik yubileyinə həsr olunmuş Beynəlxalq Qızıl maska teatr festivalında çıxış edərək “ Klassik əsər uzərində cəsarətli eksperiment” prizinə layiq görülmüşdür.

2003-cü ilin aprel ayının 3-də Sumqayıt şəhərinə gələn ümummilli liderimiz Heydər Əliyev şəhərin fəalları qarşısındakı çıxışında Sumqayıt teatrının işini yüksək qiymətləndirmişdir.

Teatrın kollektivi 2005 ci ildə Ulu ondər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş A.Babayevin “Xilaskar” əsərini tamaşaya hazırlayır. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin bədii obrazı Azərbaycan teatr tarixində ilk dəfə olaraq Sumqayıt teatrının səhnəsində canlandırılmışdir

Sumqayit teatrı respublikada kecirilən butun teatr festivallarında fəal çıxış edərək maraqlı və sanballı tamaşalar sərgiləmişdir. Festivalda oynanılan tamaşalar sırasına C.Məmmədquluzadənin “ Danabaş kəndinin əhvalatları”, Ə.Qiyasın “Qarışqa yuvası”, Ç.Aytmatovun “Umid sahili”, F.Arrabalın “Fando və Lis”, T.Cucenoglunun “Ziyarətçi” əsərləri daxildir.

2008 ci ildə Y.Onilin “Qarağaclar altında məhəbbət” tamaşasının [rej. F.Məhərrəmov]“Qızıl Dərviş” mükafatına layiq görülməsi teatrın novbəti ugurlarından biri sayılır.

Bundan əlavə kollektiv yarandığı gündən bəri ilk dəfə olaraq xarici səfərdə, Türkiyənin Ankara şəhərində “Uluslararası Teatr” Festivalında C.Qolsuorsinin “Birincilər və sonuncular” tamaşası ilə iştirak edərək festivalın diplom və mukafata layiq görülmüşdür.

27 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrının 40 illik yubiley gecəsi təntənə ilə qeyd olundu.

Gecədə Azərbaycan Respublikası Prezidentinin 25.09.2008-ci il tarixli sərəncamı elan olundu. Sərəncama əsasən teatrın 17 əməkdaşından-2 -si“Xalq artisti”, 6 -sı “Əməkdar artist”, 3 -ü “Əməkdar mədəniyyət işçisi”fəxri adlarına laiq görüldü, 6 nəfər isə “Tərəqqi” medalı ilə təltif olundu

2012ci ildə M.F.Axundzadənin 200 illik yubileyi çərçivəsində Sumqayıt teatrı müəllifin “Musyo Jordan və Dərviş Məstəlişah” əsərinə yeni quruluşda muraciət edərək Hindistanda keçirilən ənənəvi Beynəlxalq Teatr festivalına yollanır. Hindistanın Yeni Dehli və Çaypur şəhərlərində keçirilən festivalda Sumqayıt teatrı bir daha Azərbaycanı layiqincə təmsil etmişdir.

Sumqayit teatrinda aktyor potensialı həmişə güclu olmuşdur.Oynadıgı obrazlarıyla yaddaşlarda iz buraxmış mərhum aktyorlar Hacı Xəlilov , Həsənqara , Kamil Məhərrəmov , Xanlar Muradov , Gülsolmaz Qafarova , Məmməd Ələkbərov teatr tariximizin şərəfli səhifələrini yazmışlar.Bu gün teatrda onların yolunu layiqincə davam etdirən yaşlı, orta və gənc nəsil aktyorlar fəaliyyət gostərirlər.

bottom of page